2018/10/05
Parisdə azərbaycanlı gənc rəssamın sərgisi açılıb
Ölkəmizin Fransadakı səfirliyi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində gənc rəssam Tamilla Həsənovanın “Azərbaycanda tətil” adlı fərdi sərgisi açılıb.
Mərasimdə səfir Rəhman Mustafayev çıxış edərək Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətindən, burada gənc incəsənət nümayəndələrinə dəstək məqsədilə təşkil olunan tədbirlərdən söz açıb, sərgi barədə məlumat verib.
ADFA-nın vitse-prezidenti Loran Pultye dü Menil sərgi haqqında təəssüratlarını bölüşüb, nümayiş olunan əsərlərin Azərbaycanı daha da yaxından tanımağa imkan yaratdığını bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Gənc rəssamın “Zirvələri fəth edərək”, “Bakı buxtası”, “Bakı küləyi”, “Müasir şəhərin ruhu”, “Tarixə malik şəhər”, “Şirvanşahlar sarayı”, “Səadət sarayı” kimi ölkəmizin tarixini, təbiətini və bu gününü əks etdirən əsərləri böyük maraqla qarşılanıb. Sərgidəki rəsmlər zamanın ruhunu, ölkəmizin cazibəsini və isti mühitini əks etdirir.
“Burada nümayiş olunan əsərlər Azərbaycanı tanımağa imkan yaradır. Bu tablolar vasitəsilə sanki Bakı şəhərinə səyahət etdim” – bu fikri sərgini ziyarət edən stilist Kristin Tenq bildirib. Onun sözlərinə görə, əsərlərdə əks olunan qadın obrazları ötən əsrin 50-ci illərini xatırladır. Tarixi və müasir binaların təsviri çox maraqlıdır. Rəssamın əsərlərində zəriflik və harmoniya duyulur.
T.Həsənova Moskvada Art Biznes və Antikvariat İnstitutunu, sonra V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunu, eləcə də Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetini bitirib. O, cilalanmış almazların qiymətləndirilməsi üzrə ekspert diplomuna malikdir.
“Azərbaycanda tətil” sərgisi oktyabrın 7-dək davam edəcək.