Paris, 18 iyun
Azərbaycan daim qəlbimdə olan ölkədir. Azərbaycana futbolla bağlı film çəkməyə getmişdim, amma film alınmasa da, orada məhəbbətimlə, həyat yoldaşımla rastlaşdım.
Ondan sonra Azərbaycan mədəniyyətini təşviq etməyə başladım. Çünki ailəmin sayəsində bir çox azərbaycanlılarla, mədəniyyət işçiləri ilə görüşdüm. Onların istiqanlılığı, alicənablığı məni heyran etdi. Xüsusilə də, öz ölkəmdə axtardığım ailə dəyərlərini məhz Azərbaycanda tapdım. Baba və nənəmdə gördüyüm dəyərləri 5 min kilometr uzaqda tapdım. Qarşımda yeni tarixin körpüsü açıldı.
Bu fikirləri Parisdə Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın sərgisinə qatılan fransız jurnalist Aleksandr Buasson AZƏRTAC-a müsahibəsində söyləyib.
Qeyd edib ki, baba və nənəsini xatırlatmağı təsadüfi deyil, çünki onlar İkinci Dünya müharibəsində müqavimət hərəkatında iştirak ediblər və həmin hərəkatda azərbaycanlılar da olub. Azərbaycanlıların Fransa müqavimət hərəkatında iştirakı diqqətini cəlb edib.
“Şarl de Qolun 2 dəfə Bakıya səfər etdiyini öyrəndim. Mədəniyyət Mərkəzindəki azərbaycanlı rəssamın sərgisinə Şarl de Qolun ailəsinin üzvü olan Loran de Qolla gəlmişəm. Şarl de Qol Azərbaycana 2 dəfə səfər edib. İkinci dəfə Fransanın prezidenti kimi gedib. Təyyarədən düşən kimi dostu Armed Mişeli (Əhmədiyyə Cəbrayılov) görmək istədiyini bildirib. Bu sıx əlaqələri görəndən sonra düşündüm ki, Azərbaycanla bağlı zəngin tarix var.
Rober Hosey ilə birlikdə Azərbaycan qadınları haqqında tamaşa hazırlamaq qərarına gəldim. Azərbaycan qadınının möhtəşəmliyini, qəhrəmanlığını göstərmək istəyirəm. Həmçinin Rober Hoseynlə birgə Tomris haqqında tamaşa layihəsi düşündüm”, – deyə A.Buasson bildirib.
O bildirib ki, Azərbaycanın əsas zənginliyi onun xalqı, mədəniyyəti, Qarabağ atlarıdır və məqsədi bu zəngin mədəniyyəti Fransada təşviq etməkdir.
Şəhla Ağalarova
Paris