Événements

Lionda qeydiyyatdan keçmiş Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) təqdimatı və muğam-caz konserti

2018/11/10

Azərbaycanın Fransadakı səfirliyinin, Lionda qeydiyyatdan keçmiş Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı və dəstəyi ilə bu şəhərin 6-cı rayonunun meriyasında ADFA-nın təqdimatı və muğam-caz konserti keçirilib. 

AZƏRTAC xəbər verir ki, tədbiri açan 6-cı rayonun merinin mədəniyyət işləri üzrə müşaviri Mari-Jozef Barni dö Romane mer Paskal Blaşın adından iştirakçıları salamlayaraq, konsertin təşkilinə görə səfirliyə və assosiasiyaya təşəkkürünü bildirib. Bu konsertin əlaqələrin başlanğıcı olduğunu deyən müşavir bundan sonra birgə konfransların, sərgilərin, konsertlərin və digər mədəniyyət tədbirlərinin təşkil ediləcəyini diqqətə çatdırıb.

Fransadakı səfirliyimizin siyasi işlər üzrə 1-ci katibi Vaqif Ağayev bu il dünyanın müxtəlif ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini bildirərək, müsəlman Şərqində dünyəvi, parlamentli respublikanın ilk dəfə məhz ölkəmizdə yaradıldığını vurğulayıb. 

Qeyd edib ki, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edib. Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində hazırda Azərbaycan regionun aparıcı dövlətinə çevrilib. 

Azərbaycanın zəngin mədəniyyətindən söz açan V. Ağayev bildirib ki, muğam musiqisi xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Mərasimdə səsləndiriləcək muğam-caz sintezinin iştirakçılara xüsusi məmnunluq verəcəyinə əminliyini bildirən diplomat Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın tariximizin və mədəniyyətimizin dünyada təbliğinə, eləcə də muğamın UNESCO-nun Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə verdiyi mühüm töhfələrdən danışıb. Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə, eləcə də Fransanın Versal qəsrində iki tarixi abidənin və Strasburqun mərkəzindəki katedralın bərpası istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb. 

ADFA-nın prezidenti Günel Səfərova yeni qurumun məqsədləri haqqında məlumat verib. O qeyd edib ki, assosiasiyanın əsas məqsədi ölkələrimizin mədəniyyətlərini təşviq etməkdir. Assosiasiya ölkələrimiz arasında mədəniyyət və dialoq platforması olacaq, həmçinin ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfəsini verəcək. Təşkilat mədəniyyətimizin müxtəlif sahələri üzrə müntəzəm olaraq tədbirlər təşkil edəcək. Bildirilib ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur və bu bayram xalqımız üçün böyük əhəmiyyət kəsb edir. 

Sonra gənc bəstəkar və pianoçu Etibar Əsədlinin rəhbərlik etdiyi qrup muğam-caz sintezindən ibarət konsert proqramı ilə çıxış edib. Konsertdə E. Əsədlinin bəstələdiyi “İthaf”, “İslimi”, “Buta”, həmçinin “Qara qaşın vəsməsi” mahnıları və “Arşın mal alan” filmindən musiqilər səsləndirilib. 

Tədbir iştirakçıları musiqilərimizi maraqla dinləyib və ayaqda alqışlayıblar. Konsertdən sonra qonaqlar milli şirniyyatlarımızın dadına baxıblar. 

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin Liondakı konsulları, bu şəhərdə yerləşən konsulluqların, eləcə də 6-cı rayonun meriyasının əməkdaşları, şəhər sakinləri iştirak ediblər.

Şəhla Ağalarova

Lion

https://azertag.az/xeber/Lionda_Azerbaycan_Fransa_Dialoq_Assosiasiyasinin_teqdimati_olub-1213123