Événements

Parisdə azərbaycanlı gənc rəssamın fərdi sərgisi açılıb

2018/11/01

Ölkəmizin Fransadakı səfirliyi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Tamilla Həsənovanın “Azərbaycanda tətil” adlı fərdi sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev çıxış edərək Mədəniyyət Mərkəzinin fəaliyyətindən danışıb. Bildirib ki, mərkəzin əsas məqsədi mədəniyyətimizi təşviq etməkdir. Xüsusilə də, gənc incəsənət nümayəndələrinə dəstək olaraq onları Avropa ictimaiyyətinə tanıtmaqdır. Səfir gənc rəssamın əsərləri və əvvəlki sərgiləri barədə məlumat verib.

ADFA-nın vitse-prezidenti Loran Pultye dü Menil sərgi haqqında təəssüratlarını bölüşüb. Sərginin Azərbaycanı daha da yaxından tanımağa imkan yaratdığını bildirib.

Tamilla Həsənova Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində sərgisinin təşkilindən şərəf duyduğunu diqqətə çatdırıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Gənc rəssamın “Zirvələri fəth edərək”, “Bakı buxtası”, “Bakı küləyi”, “Müasir şəhərin ruhu”, “Tarixə malik şəhər”, “Şirvanşahlar sarayı”, “Səadət sarayı” kimi əsərləri sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Bu əsərlər ölkəmizin tarixini, təbiətini və bu gününü əks etdirir. Xüsusilə, Bakı şəhəri ilə bağlı şəkilləri maraqla seyr edən sənətsevərlər ölkəmizə səyahət etmək arzusunda olduqlarını bildiriblər.

Gənc rəssam hər kəsi qeyri-adi konsepsiyası ilə heyran edib və Azərbaycanı yeni bir konsepsiyada təqdim edib. Nümayiş olunan əsərlər sanki ölkəmizə səyahətdir, onlar zamanın ruhunu, sevimli ölkəmizin cazibəsi və isti mühitini əks etdirir.

“Sərgi ideyası bir neçə müddət əvvəl yaranmışdı. Azərbaycanı romantik, cəlbedici, Şərq və Qərb qovşağında yerləşən məkan olaraq ahəngdar şəkildə təqdim etmək istəyirdim. Beləliklə, ötən əsrin 50-ci illəri obrazı konsepsiyasını müasir Azərbaycana tətbiq etdim”, – deyə gənc rəssam bildirib. Qeyd edib ki, nümayiş olunan əsərlərdə müasir dəbli qızlar Bakının mərkəzində gəzərək, onun görməli abidələrinə heyranlıqla baxaraq, şəhərin əsrarəngiz ab-havasına qərq olduqlarını, dağ xizəyi idmanını sevənlərin Şahdağın qarlı ətəyindən, təbiətsevərlərin isə funikulyorun ən yüksək nöqtəsindən görünən peyzajdan həzz aldıqlarını göstərməyə çalışıb.

“Mənim üçün ruh və isti mühiti tamaşaçıya çatdırmaq vacibdir, rəssamın qəlbi daim emosiyalarla dolu olur. Rəsm əsərində təkcə gözlə görünən, duyulan deyil, həmçinin daxildə şüuraltı həyəcan yaradan, izah olunmayan bir sirr gizlənir”, – deyə T.Həsənova diqqətə çatdırıb.

Paris sərgisi rəssamın Avropada təşkil olunacaq silsilə fərdi sərgilərinin başlanğıcıdır. O, Bakıda üç fərdi sərginin, eləcə də ölkəmizdə və onun hüdudlarından kənarda təşkil olunmuş kollektiv sərgilərin iştirakçısı olub.

Qeyd edək ki, T.Həsənova Moskvada Art Biznes və Antikvariat İnstitutunun “Sənətşünaslıq və antikvar əşyaların atribusiyasının əsasları” fakültəsini, sonra V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunu, eləcə də Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetini bitirib. O, cilalanmış almazların qiymətləndirilməsi üzrə ekspert diplomuna malikdir.

“Azərbaycanda tətil” sərgisi oktyabrın 7-dək davam edəcək.

Published on: https://azertag.az